Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Ajmone Sessera, müdafiə işləri üzrə əlaqələndirici Byorn Ram və müdafiə işləri üzrə nümayəndə Evgen Korotkeviçlə görüşüb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, F.Nəbiyev dünyada sülhün təmin olunmasında və təhlükəsizliyin gücləndirilməsində böyük rol oynayan və 120 ölkəni hərbi bloklarda iştirak etməmə prinsipi ətrafında birləşdirən Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısının 2018-ci ilin aprelində Bakıda keçirilməsinin və nəzərdə tutulduğu kimi ölkəmizin 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik və 2019-ci ildə keçiriləcək sammitə ev sahibliyi etməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşdə BQXK ilə mövcud əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edən F.Nəbiyev bu qurumun saxlama yerlərinin monitorinqini həyata keçirən qrupun mütəmadi olaraq DMX-nın qanunsuz miqrantların saxlanılması mərkəzinə səfərlərini qeyd edib. Dünyada baş verən miqrasiya böhranı nəticəsində humanitar yardıma ehtiyacı olan şəxslərin sayının artdığını bildirən Xidmət rəisi son vaxtlar Azərbaycana qanunsuz miqrasiya meyillərinin çoxalmasını, aşkarlanan faktlar və bu hallara qarşı həyata keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycanda irqi, dini, milli, etnik zəmində ayrı-seçkilik faktının qeydə alınmamasını vurğulayan F.Nəbiyev humanitar sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıqdan söhbət açıb. Vətəndaşlıq haqqında milli qanunvericilik, eləcə də həmin qanunvericiliyə edilən əlavə və dəyişikliklər barədə məlumat verib. İmzalanmış readmissiya sazişləri, həmin sazişlərin həyata keçirilməsi üzrə icra protokollarının imzalanması istiqamətində görülən işlər barədə danışıb. Sazişlərin icra prosesində üzləşilən çətinliklərə diqqət çəkib, vətəndaşlığı olmayan şəxslərin sayının azaldılması istiqamətində görülən işləri qeyd edib.
Ermənistanın Azərbaycan ərazilərini işğalı faktına diqqət çəkən Firudin Nəbiyev bir milyondan çox insanın 25 ildən çoxdur ki, qaçqın və məcburi köçkün həyatı yaşadığını, Azərbaycan hökumətinin öz imkanları hesabına onların həyat şəraitinin yaxşılaşdırılması üçün işlər gördüyünü və 100-ə yaxın qəsəbə və şəhərciklər salındığını deyib.
Qonaq BQXK-nın ümumi və Azərbaycandakı fəaliyyəti haqqında məlumat verib. Cəbhəyanı bölgələrdə yaşayan əhaliyə verilən dəstək, BQXK tərəfindən həyata keçirilən layihələrin faydaları barədə danışıb. DMX-nın qanunsuz miqrantların saxlanılması mərkəzinə BQXK nümayəndələrinin səfəri üçün yaradılan şəraitə görə, eləcə də qeyd olunan mərkəzlərdə yaradılan yüksək standartlara cavab verən maddi-məişət şəraitinə görə Xidmət rəisinə xüsusi minnətdarlığını bildirib. Saxlama mərkəzinin çox sayda şəxsi qəbul etmək imkanına malik olmasını vurğulayıb.
Sonra hər iki tərəfin səlahiyyət dairəsinə daxil olan bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb, həssas qrupa aid şəxslərin problemləri müzakirə edilib.
AZERTAG.AZ :Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin